Ərdoğanın Hindistan səfəri və iki ölkə arasındakı yeni əlaqələr

Türkiyə Respublikasının başçısı Rəcəb Tayyib Ərdoğan may ayında çoxlu diplomatik görüşlər həyata keçirdi. Əhəmiyyətli görüşlərdən biri də Hindistan oldu.

Ərdoğanın Hindistan səfəri və iki ölkə arasındakı yeni əlaqələr

Türkiyə və Avrasiya gündəmi_24 (15 iyun 2017)

  “Türkiyə və Avrasiya gündəmi” verilişinin bu buraxılışında Ərdoğanın Hindistan səfəri və iki ölkə arasındakı yeni əlaqələrdən danışacağıq. Mətni Atatürk Universiteti Beynəlxalq Əlaqələr fakültəsinin müəllimi Cəmil Doğaç İpek yazıb, Sevda Mirzə oxuyur.

  R.T.Ərdoğanın Hindistana etdiyi səfər və Türkiyə - Hindistan əlaqələrinin inkişaf etdirilməsi Türkiyənin xarici siyasətində əhəmiyyətli addımdır. Xüsusən də bu ölkəyə Milliyyətçi Hərəkat Partiyası (MHP) millət vəkilləri ilə birlikdə getməsi yaddaqalan məqamlardan biridir.

Bu, həm də Ərdoğanın yeni dövrdə izləyəcəyi daxili və xarici siyasət baxımından bir mesajdır.

  Hindistan bir milyardı keçən əhalisi ilə Hind Okeanı bölgəsində böyük dövlətlərdən biridir. Ərəb və Malay ölkələri arasında keçid nöqtəsindədir. Zəngin etnik tərkibə malikdir. Ölkədə türk soylu və müsəlman xalqlar var. Yeddi region və 28 federasiyadan ibarətdir. 22 fərqli dildə danışılır.

  Çox mədəniyyətli və çox dilli ölkə olan Hindistanla Türkiyənin bağları qədimlərə dayanır. 16-19-cu əsrlər arasında (1526-1857) Hindistanda 330 il hökm sürmüş Babur imperiyası bir türk dövləti idi. Hal-hazırda ölkədə təxminən 30 milyon türk soylu insan yaşayır.

  Hindistanda ciddi satınalma gücünə malik 200-300 milyon istehlakçı və sabit makro iqtisadi bazarlar var.

  Son illər Türkiyə ilə Hindistan arasında ticarət həcmi artmaqdadır. Hindistanın Türkiyədə böyük sərmayələri var, yəni 200-dən çox hind şirkəti Türkiyədə investisiya qoyur. Türkiyənin isə Hindistanda iqtisadi varlığı çox aşağı nisbətdədir.

  Hindistan mövcud inkişaf sürətini davam etdirərsə, 2030-cu ildə dünyanın ən böyük ikinci iqtisadi gücü olacaq. Türkiyə Hindistan üçün Avropa və Orta Şərqə açılmaq baxımından əhəmiyyətli bir ortaq ola bilər.

  İki ölkə arasında ticarət həcmi təxminən 6,5 milyard dollardır. Bu kafi bir rəqəm deyil. Ən az 10 milyard dollar səviyyəsinə çıxarmaq üçün bu istiqamətdə hər iki ölkə səy göstərir.

  Hindistanda hal-hazırda gömrük vergiləri yüksəkdir. Ölkə yüksək gömrük vergilərilə yerli sənayesini qorumağa çalışır.

  Hindistan hökuməti Dünya Ticarət Təşkilatına xammal idxalatında vergilərin 10, hazır məmulatlarda isə 20 faiz azaldılması sözünü verdi. Amma yenə bir çox məhsula əlavə vergi tətbiq edilir. Onsuz da gömrük vergisi bu ölkədə yüksəkdir, əlavə vergilər də üzərinə gəlincə iki qat olur.

  Hindistan və Türkiyə arasında bank sistemləri arasında əməkdaşlıq yoxdur. Türkiyə banklarından gedən təminat məktubları hələ ki qəbul edilməyib. Müxbir bank tapılması müşküldür, vasitəçi banklarla olan kommersiya əməliyyatları çox baha başa gəlir və əməliyyat müddəti uzun çəkir. İki ölkə arasında iqtisadi əlaqələrin irəliləməsi üçün bu problemlərin həll edilməsi lazımdır. Eyni zamanda, Hindistan siyasətində İslama qarşı münasibət yaxşı deyil ki, bunun da yumşaldırlamsı vacibdir.  

  R.T.Ərdoğanın səfəri Türkiyə-Hindistan əlaqələrinin inkişaf sürəti qazanacağına ümid verir. Bu münasibətlər Hindistan - Pakistan arasında yeni dialoq zəmini yarada, Hindistan-Çin əlaqələrinə töhfə verə, Kəşmir məsələsinin həllə qovuşmasına yardım edə bilər. Türkiyə ABŞ və Rusiyanın Hindistan nəzdindəki mövqelərində də tarazlayıcı funksiya yerinə yetirə bilər. Türkiyə bunları edə biləcək potensiala sahib bir ölkədir. Hindistandakı müsəlman əhali və bu ərazidə vaxtilə qurulmuş türk soylu dövlətlərdən qalan izlər Türkiyənin bu potensialına güc verir.

  Bütün bunlarla yanaşı, Türkiyə Hindistanla bağlayacağı bütün müqavilə və olacağı ortaqlıqlarda Pakistan və Əfqanıstan arasında da tarazlığını qorumalıdır. Bu tarazlıq gözlənilməzsə, bölgədə Türkiyənin qədim dostları olan bu iki ölkə inciyə bilər.

  Türkiyə və Hindistan arasında nəinki yüksək, ümumiyyətlə, bütün səviyyələrdə səfərlərin ildə bir neçə dəfə reallaşmasında fayda vardır. Elmi mübadilə, düşüncə təşkilatları arasında əlaqələr inkişaf etdirilməlidir. Bu çərçivədə ortaq konfranslar təşkil edilməli və iki ölkəni maraqlandıran məsələlər mətbuatda da işıqlandırılmalıdır.

  Hindistan da, Türkiyə də dünyadakı mövqeyi, əhalisi, qaynaqları və iqtisadiyyatıyla strateji ölkələrdir və qarşılıqlı əlaqələri hər sahədə inkişaf etdirmək həm bu iki dövlətə, həm də digər Şərq ölkələrinə fayda gətirər.



Әlaqәli Xәbәrlәr