Güneyin Çağdaş Ozanları-02/2018

Elşәn Böyükvәnd Füzuli babamız demişkәn, “şairlik insana Tanrının lütfüdür, ancaq elmsiz şeir olmaz” düsturunu hәlә uşaqlıq illәrindәn başa düşüb.

Güneyin Çağdaş Ozanları-02/2018

Güneyin Çağdaş Ozanları-02/2018

Külәk

Külәş kimi apardı mәni,

Qaraldım

İçin-için bağırmaqdan

Kövşәn quyusundakı daş kimi

Yolum durağı burulğan

Yolumda çivilәr göyәrmiş.

Qorxuram, qorxuram

Gündәlik üç dәfә ucalan

Yabancı bir sәs arxasınca

Dәrilәrini asta-asta soyunan

Kar ilanlardan

Ah… ey şair

Qara xәbәr kimi yayımlansa

Sokaklar şairlәrinin şeiri

Bilmirәm o gün

Günәş batıdan mı doğacaq

Yoxsa doğuda batacaq?

Çivili Yollar adlı şeirini oxuduğunuz gәnc şairimiz Elşәn Böyükvәnd, Muğan elimizin yetirmәsidir, Ulu Tanrı nәzәrdәn saxlasın. Elşәn 1988. ildә Muğanın özündәcә dünyaya gәlib. Özü demişkәn onun uşaqlıq illәri Azәrbaycan xalqının acınacaqlı xatirәlәri ilә qol-boyun olub. Türkün tarixinin ümumi hissәsi elә qanlı-qadalı deyildir mi? Qabağımızda döyüşәcәk bir düşmәn tapmayanda Yavuz-Şah Xәtai kimi öz-özümüzdәn düşmәn yaradıb bir-birimizi qırmamışıq? Bolşevik Sovet ordusunu arxasına alan ermәni Vandalları Qarabağda soyqırımlar törәdәrkәn, arxasız qalmış xalqımızın әli yalın mәsum insanları üzlәrini Araz çayının o tayında yaşayan qardaşlarına döndәrib axın-axın onların qucağına pәnah aparmışdı. O vaxtlar Elşәnimiz körpә bir uşaq olsa da öz dәdә-baba toprağından didәrgin salınanların vәziyyәtini unuda bilmir.

Deyirlәr hәr bir Türk anasından әsgәr vә şair doğulur. Balaca Elşәn dә bu ifadәni doğruldan bir arxamızdır. Hələ kiçik vaxtından Arazın o tayından göy üzüylә gәlәn sәslәrә qulaq asa-asa, görkәmli sosiologumuz Ziya Göyalp demişkәn, ağzında anasının südü kimi ağ olan müqәddәs dilimizin incәliklәrini öyrәnib. Böyüyüb, böyüdükcә də Güney Azәrbaycanın digәr bölgәlәrindәki qanbir, dilbir qardaşları ilә tanışıb vә onlar da şair Elşәnin mәnәvi dünyasını böyüdüb, ona arxasının nә böyük, nә sınmaz bir qala olduğunu başa salıb. Şübhәsiz ki Elşәnin, şairliğin, hər bir kəsin düşə bilmiyəcəyi, hәmişәlik başı bәlalı vә o miqyasda da müqәddәs olan yoluna üz tutmağında, şair olan böyük әmisinin, öz hәndәvәrlәrindә yaşayan şairlәrin də böyük tәsiri olub. Elşәn, Füzuli babamız demişkәn, “şairlik insana Tanrının lütfüdür, ancaq elmsiz şeir olmaz” düsturunu hәlә uşaqlıq illәrindәn başa düşüb vә oxuyub, oxuyub, oxuduqca da yaratmağa başlayıb.

Gәnc şairimizin “Göz Çiçəyi” daha bir gözәl şeiri:

Göz Çiçәyi

Naxışların cücәrdiyi mövsümdә

Qaval sәsindә

Günәş döyünür

Qıyır özünü Muğan ovalığı

Tәr, torpaq vә günәş qoxuyur atam

Yaşıllıq әriyirkәn torpağa

Yaylaşır sünbüllәr

Vә tarlanı talamaq tahamını

Pıçıldayır quşlara

Müqәvva tanrılar.

Yuxu gözәtçilәri

Buludlara calanan uçurtmamızı

Oğurlayırlar.

Vә siçanların dişlәri arasında simfonilәşir

Şerirlәrimizin sözcüklәri.

Kiçik bağça çiçәyinin tikanı batmış gözümә

Qızıl güllәri qoparırlar dibindәn

Baxışım talanır

Naxışların pozulduğu mövsümdә

Qaval sәsindә

Qırlar böyüyür.

Baxıb görün ki, Güney ellәrimiz necә gözәl şairlәr yetirir. Ulu babalar yalan yerә demәyib, qurd yuvasından sümük әskik olmaz. Şәhriyarı, Sәhәndi yetirәn el, tәbii olaraq Әlşən Böyükvəndi dә, onun kimilәrini dә yetirәcәkdir.

Elşәn Böyükvәnd ilk və orta təhsilini özünün yaşadığı şәhәrdә alıb, sonra әsgәrә gedib vә әsgәrlik xidmәtini başa çatdırıb. Yeniyetmә bir cavan şair olmasına baxmayaraq Onun şeirlәri İngilis, Fars vә Rus dillәrinә tәrcümә olunub, yayımlanıb.

Elşәnin şeir dünyası şәxsәn insana fәrqli tәsir bağışlayır. Bunda Güney Azәrbaycanda yaranan yeni әdәbi mühitin böyük tәsiri vardır. Onların şeirlәrindә, Ulu babamız Dәdә Qorqudun hadisәlәrә buludların zirvәsinә qalxıb oradan boylanışı, Füzulinin şeir dünyasının әnginliyinin nәfәsi, Dәrisi soyulan Nәsimi babamızın, Şah Xәtainin dönmәzliyi, Şәhriyarın, Sәhәndin ürәklәrindәki nisgilin qubarı hakimdir. Әlşәn Böyükvәnd dә hәr bir Güneyli şairimiz kimi müqәddәs dilimizi sığallaya-sığallaya onu әzizlәyir, әzizlәyә-әzizlәyә Tanrı dağlarının zirvәsinә yüksәldir. Eşq olsun sənə gözәl şairimiz, eşq olsun istәkli Elşәnimiz, Ulu Tanrı sizlәri bәdnәzәrdәn, qәflәti әsәn tufanlardan hifz elәsin. Yolunuz aydın, gәlәcәyiniz nurlu olsun әzizlәrimiz.

Ağıdan öncә

Bu kül әlәnmiş yollardakı adamlar

Günәşin saçlarını qayçılayırlar.

Göy

Axar kәfәnini geyir

Torpaqsa

Duzlaqlarında saçı ağarıb

Kövşәnlәrindә üz-gözü qırışır.

Ah

Köksümün düzәnindәki alaçıqdan baxan gözәl

İpәk yol boyunca yaşmağını

Çәk

Havadan.

Yanmış saçların qoxusu gәlir

Vә günәş, üzünә baxmaqdan utanan salxım söyüdlәrin

Titrәk sәslәrini,

Qıyqacı ötәn min duvaqlıların qulaqları

Ovlayır.

Otağımın tavanına dirәk olmuş sümüklәrim

Tarla axtarışında olan ruhuma

Gülürlәr.

Vә geyilmәmiş geyimlәr kimi

Asqılardan asılmış ürәyim

Tikan әllilәrin salamını gözlәyir.

Ah,

Köksümün düzәnindәki alaçıqdan

Baxan gözәl,

İpәk yol boyunca

Yaşmağını

Çәk…



Әlaqәli Xәbәrlәr