Suriyanın yeni konstitusiyası necə olmalıdır?

Mövzu ilə bağlı Ankara Yıldırım Bəyazit Universiteti Siyasi İnformasiya fakültəsinin dekanı, professor Kudret Bülbülün analiz-yazısını təqdim edirik. ("Qlobal perspektiv" verilişi_15 (11 aprel 2018)

Suriyanın yeni konstitusiyası necə olmalıdır?

Qlobal perspektiv_15 (11.04.2018)

  Suriyanın yeni konstitusiyası necə olmalıdır?

  Müharibələrin dayanmamasının səbəblərindən biri imzalanacaq sülh müqaviləsində razılığa gələ bilməməkdir.

  Bu günlərdə mediada Rusiyanın Suriya üçün bir konstitusiya layihəsi hazırladığı və onun amerikalılarla müzakirə edildiyi xəbərləri yer almaqdadır. Baxın, Suriyanın gələcəyini görünüşcə bir-birinin ziddi olan Rusiya və Amerika Birləşmiş Ştatları müəyyən edir. Amma bu iki qüvvənin iştirakıyla yaradılacaq konstitusiya region ölkələri və insanlarına heç də xeyir gətirməz. Qlobal aktyorların maraqları istiqamətində, özlərinə daha çox müdaxilə hüququ verən bir konstitusiya bölgəyə sabitlik gətirərmi? Buna görə bölgə ölkələri, beyin mərkəzləri və ziyalıların üzərinə böyük məsuliyyət düşür: müharibədən sonranı gərgin şəkildə müzakirə etməli və ortaya bölgənin əbədi sabitliyinə xidmət edəcək nizamlı qanunnamə qoymalıdırlar.

  Mövzu ilə bağlı Ankara Yıldırım Bəyazit Universiteti Siyasi İnformasiya fakültəsinin dekanı, professor Kudret Bülbülün analiz-yazısını təqdim edirik. Mətni oxuyur Sevda Mirzə.  

  Bir cəmiyyətin tarix, mədəniyyət, inanç və dəyərlərindən uzaq bir konstitusiyanın o ölkəyə əmin-amanlıq gətirməsi absurddur. Axı bu konsitusiya problemləri necə həll edə bilər? Suriya üçün təklif olunan konstitusiya maddələri, eyni zamanda, qonşu və ya oxşar cəmiyyətlər üçün də etibarlı ola bilməz.

  İdarəolunan bir ölkənin dizaynı və ya əksəriyyətin hakimiyyətini təmin edəcək bir konstitusiya.

  Yaxın Şərqdəki hakimiyyətlərə baxaq. Bu rejimlərin ən böyük problemi xalqına əsaslanmaması və millətindən güc almamasıdır. Elə ona görə də Yaxın Şərq ölkələrindəki rejimlər varlıqlarını sürdürmək üçün öz xalqına təpki verir, öz insanlarına qarşı olur, əsgər və polisini vətəndaşlarına qarşı çevirir, düşmənlərlə mübarizədə isə daha çox xarici qlobal güclərə arxalanır.

  Konstitusiya da belədir. Bir konstitusiya öz xalqından güc almalı və əksəriyyətin hakimiyyətinə xidmət edəcək bir qanun kitabı olmalıdır. Ölkə başçısı ancaq xalqın istəklərini ortadan qaldırmayan bir konstitusiya ilə dövlət və qurumlarına sahib çıxa bilər. Bir dövlət bu şəkildə ölkə daxili və xaricində güclü ola bilər.

  Yer dəyişdirmək üçün hakimiyyət müddətinin məhdudlaşdırıldığı bir konstitusiya olmalıdır.

  Yaxın Şərq hökumət və ölkələrini gücsüz edən amillərdən biri də iqtidarların qanuni şəkildə yer dəyişdirməməsidir. Yəni hakimiyyətə gələn liderlər - krallar, əmirlər və prezidentlər ömür boyu hakimiyyətdə qalır. Bu vəziyyət bu cür ölkələrdəki bir çox problemin mənbəyidir.

  Əvvəla, bu halda hakimiyyət ictimai haqlarını itirir. Hökumət öz cəmiyyətindən güc almadığı üçün daha çox xarici dəstəklə ayaq üstündə qalmağa çalışır. İş odur ki, bu vəziyyəti qanuni görməyən və ölkələrində hakimiyyəti dəyişmək istəyən müxalifət də daha çox qlobal güclərin dəstəyinə ehtiyac duyur. Belə halların yaranmaması, hakimiyyət və müxalifətin yalnız öz cəmiyyətinə hesabat verməsi, yəni xalqından güc alması üçün iqtidarın hakimiyyət müddəti mütləq məhdudlaşdırılmalıdır. Yaxın Şərq hakimiyyətləri ictimai və dünyəvi sülh üçün xarici qüvvələrə deyil, iki dövrlə məhdudlaşdırılan, yəni maksimum on il iqtidarda qalmaq hüququ təmin edəcək konstitusiyaya söykənməklə problemləri kökündən həll edə bilər.

  Müxtəlifliyin qorunduğu və plüralist bir konstitusiya ən yaxşısıdır.

  Konstitusiya bir ölkədə əksəriyyətin hakimiyyətini təmin etməli, çoxluqla yanaşı azlıqda olan xalqların da maraqlarını, inam, inanç və dünyəvi fikirlərini üzvi şəkildə hamonlaşdıraraq qorumalıdır. Əsas hüquqi maddələr azlıq və çoxluq deyilərək ayrılmamalıdır.   

Unitar dövlətə söykənən bir konstitusiya olmalıdır.

  Rusiya və ABŞ-ın Suriya üçün yeni konstitusiya layihəsində muxtar vilayətlər mövzusu xüsusi yer tutur. Amma Suriyada muxtariyyət ölkəyə sabitlik gətirməyəcəkmi? İraq və İspaniya bu vəziyyətin konkret nümunəsidir. Muxtar bölgələrə ayrılmış bir Suriyada bir tərəfdən azlığın müstəqilolma istəyi, digər tərəfdən xarici qüvvələrin onlara dəstəyi problemlərin heç zaman yoluna düşməsinə imkan verməyəcək. Çünki muxtariyyət ölkə daxilindəki müxtəlif təbəqələr arasındakı inamsızlığa daim təkan verəcək, ölkədaxili sülh və əmin-amanlığı əngəlləyəcək.

  Əgər müxtariyyət quruluşu müharibənin dayanmasına səbəb olacaqsa, təbii ki, bu, yaxşıdır. Amma uzunmüddətli sülh, müxtəlifliyin qorunacağı, əsas hüquq və azadlıqların təminat altına alınacağı, yerli hakimiyyətlərin güçlənəcəyi unitar quruluş daha çox məqsədəuyğundur.     

  Sözdə ədalət, stabil rəhbərlik və təkbaşlı bir hakimiyyəti təmin edəcək konstitusiyadan artıq vaz keçilməlidir.

  Konstitusiya həm cəmiyyətdəki fərqli fikirlərin parlamentdə əks olunması, həm də güclü iqtidar idarəetməsini təmin etməlidir. O zaman Suriyada prezident üsuli-idarəsi olmalıdır, yoxsa parlament sistemi?

  Parlament sistemi olarsa, prezidentin səlahiyyəti simvolik və ölkəni təmsil edən olur. Baş nazir və prezidentin ikisinin də güclü olduğu bir sistemdə isə ölkə idarəedilməz hala gələ bilir. Bu zaman xarici aktyorlar tərəfləri bir-birinə və ölkə rəhbərliklərinə qarşı istifadə etməyə çalışır.

  Bu, ictimai dəyərlərə həssas bir konstitusiya olmalıdır.

  Yaxın Şərqdəki ən mühüm ictimai dəyər dindir. Din-dövlət münasibətlərinin müəyyənləşməsində müstəqil və təkbaşına hərəkət ölkəyə xeyir gətirmir. Dünyəvi dövlətlər məkanı Avropanın Birinci və İkinci Dünya müharibələrinin bəşəriyyətə vurduğu zərbələr, yenə dünyəvi sayıla biləcək Səddam Hüseyn və Muəmmər Qəddafi hakimiyyətlərinin yaratdığı vəziyyət və ya şəriətlə idarə etdiyini iddia edən bəzi ərəb ölkələrinin diktaturaları göz qabağındadır. Demək, hakimiyyət məsələsində hər bir ölkənin din-dövlət münasibətlərinə öz tarixi təcrübələrinə görə qərar verilməlidir.

  Yaxın Şərq ölkələri üçün İslama Osmanlı təcrübəsi ən azadlıqsevər və plüralist bir din-dövlət nümunəsidir. Kim necə adlandırırsa adlandırsın, bu gün Qərb tərəfindən Suriyada dini dəyərləri görməməzliyə vuran, hətta dinə qarşı olan bir konstitusiya yaradılır. Belə bir konstitusiya ilə dövlət ictimai nüfuzunu itirə bilər, bu zaman yenə xalq və hakimiyyət qarşı-qarşıya qalar və bugünkü Yaxın Şərq rejimlərinin düşdüyü vəziyyət təkrar olar. Odur ki, konstitusiya yazılarkən dini plüralizm nəzərə alınmalı, İran və Səudiyyə Ərəbistanda olduğu kimi, tək dinə əsaslanmamalıdır. Amma təəssüf ki, Suriya konstitusiyası

  Kollektiv kimliklər deyil, ayrı-ayrı adamlara görə qurulur.

  Yaxın Şərq müxtəlif din, irq, məzhəb, ideologiya və tayfaların birlikdə yaşadığı bir coğrafiyadır. Belə bir məkanda konstitusiya kollektiv sənədlərə əsaslanmazsa, Bosniya və Herseqovina misalında olduğu kimi, siyasi sistemi çalışmaz hala gətirər. Dövlət Konstitusiyasını sabit liderlərə görə hazırlamaq həyatı donduran bir münasibətdir. Konstitusiya vətəndaş əsaslı olmalıdır.

  Bəli, heç bir müharibə sonsuza qədər sürməz. Müharibə zamanı nə qədər güclü olursa olsun, sonraya hazırlıq etməyən liderlər masada itirməyə məhkum olur. Müharibədən sonra yanlış qanunlarla qurulacaq bir Suriya Yaxın Şərq regionunda qeyri-sabitliyi qalıcı hala gətirə bilər. Bu səbəbdən müharibədən sonra sülh, əmin-amanlıq və sabitliyin bərqərar olduğu bir Suriya və bölgə üçün, konstitusiya da daxil olmaqla, işlər indidən görülməlidir. Problemlər xalq, dövlət və özünəxas dəyərləri nəzərdə tutularaq çözülməzsə, müharibədən sonra qazanan yenə qlobal aktyorlar olacaq.



Әlaqәli Xәbәrlәr