Güneyin Çağdaş Ozanları

Mir Cəlil Hüseyni

Güneyin Çağdaş Ozanları

Güneyin Çağdaş Ozanları

GÜNEYİN ÇAĞDAŞ OZANLARI 

Mir Cəlil Hüseyni

DEMƏSƏM ÖLLƏM

Küskün ürəğimdən soruşan kəsim

Tutulub boğazım kəsilib səsim

Gizlin bir qəmim var ömürlük bəsim

Desəm öldürərlər deməsəm ölləm

 

Didir ürəğimi yarır sinəmi

Bir ögey görürəm doğma nənəmi

Açım ürəğimi açım sinəmi?

Desəm öldürərlər deməsəm ölləm

 

Danışsam bəlkədə taleyim çaşar

Dinməsəm nisgilim başımdan aşar

Dodağım sussada gözümdən daşar

Desəm öldürərlər  deməsəm ölləm

 

Bilmirəm yaşayım, bilmirəm ölüm

Qoy itim gözlərdən mən ilim-ilim

Görürəm deməğə yoxumdur dilim

Desəm öldürərlər deməsəm ölləm

 

Necə gör gözündən batıbdı dünya

Dağları dərəyə satıbdı dünya

Yükünü belimə çatıbdı dünya

Desəm öldürərlər deməsəm ölləm

 

Seyidəm görməğə qorxuram düzü

Məsəl   var çıxacaq görənin gözü

Qorxu pərdəsində gizlənən sözü

Desəm öldürərlər deməsəm ölləm…

……………

Mir Damad Oğlu Mircəlil Bəy 1959-cu ildə Güney Azərbaycanımızın barlı-bərəkətli cənnət guşəsi Muğanda dünyaya gözlərini açıb. Bilirsiniz ki, Muğan, Muğ adlı Türk tayfasının adını daşıyır və buralar hələ tarix yaranmamışdan ulu babalarımızın yurdu idi. Heyif ki, Muğanın gözəl adı dəyişilib. Axı bizim babalarımızın qoyduğu adı kim, hansı hüquqla dəyişdirir başa düşmək mümkün deyil. Bəzən öz-özümə fikirləşirəm, bu cür işlər başımıza niyə gəlib, nədən gəlib? Şəxsən mən bu günahı, Əmir Teymur-İldırım Bayəzid, Şah İsmail Xətayi-Yavuz Sultan Səlim kimi babalarımızın bir-birinə həyan olacaqları yerdə qənim kəsilmələrində görürəm. Mərhum milli şairimiz Məmməd Araz bu cür hərəkətlərə baxıb, “adınızı dastanlardan oğrayaram, ruhunuzu qıyma-qıyma doğrayaram” deyəndə haqlı deyildi?

Mircəlil Hüseyni Bəy iptidai və orta təhsilini Muğan və Astara şəhərlərində başa vurduqdan sonra müəllim işləməyə başlayıb. Bir neçə ildən sonra Muğan işıq mərkəzində işə düzəlib. Şiraz və Kirmanşah şəhərlərində elektrik və fizika ixtisasları üzrə ali təhsil alıb. Hər bir Türk kimi Mircəlil Hüseyni də şeirə, ədəbiyata yönəlib, 1981-ci ildən şeir yazmağa başlayıb. Seyid təxəllüsü ilə şeir yazan Mircəlil Bəy, qısa zamanda öz adını bu sahədə məşhurlaşdırıb. Muğan bölgəsinin şeir və Ədəbiyyat dünyasına yeni bir nəfəs gətirib. O gənc nəslin sevimli, ustad şairidir. Doğma elinin dərd-sərini şeirlərində ən gözəl şəkildə əks etdirən bir ədəbi şəxsiyyətimizdir. Türkiyəli şair Məmməd Əmin Yurdaqul, “Şairləri haykırmayan bir millət, sevənləri toprak olmuş öksüz çocuk gibidir” sözlərini yazarkən də Mircəlil Hüseyni kimi eloğullarımızı nəzərdə tutub. Onun şeirləri, Azərbaycanın həm güneyində, həm də qüzeyində böyük məhəbbətlə oxunur.

Mircəlil Hüseyninin “Xırda Bala” adlı şeiri:

XIRDA BALA  

 

Pambıq dərən xırda bala

Üz qaralıb tala tala

Düzələcək qala qala

Qara geymiş bu dünyamız

 

Baxışından yağır kədər

Zaman səni çəkib gedər

Qalmaz belə keçər gedər

Qara geymiş bu dünyamız

 

Payız ayı səhər-səhər

Çılpaq uşaq, şaxta zəhər

Yorğun ana, bir südəmər

Qara geymiş bu dünyamız

 

Seyid Cəlil qəmli sazdır

Sən dərdini ona yazdır

Köçüb gedər ömrü azdır

Qara geymiş bu dünyamız.

…………….

Tarixin hər dövründə millətin dərdini hayqıran şairləri həmişə zərbə altına düşüb, əziyətlərə-işgəncələrə məruz qalıb, zindanlara salınıb, Nəsimi kimi dəriləri üzülüb. Mircəlil Hüseyni də bu davranışdan öz payına düşəni alıb. Bir əsərində doğma elinin dərdlərini dilə gətirdiyinə görə zindana düşüb. Əslində Mircəlil kimi şairlər dəyirmandır, onlara mane olmaq istəyənlər isə çax-çax. Həqiqətin üzünü palçıqla suvamaq mümkündür mü? Dünya yaranalı bəri o mümkün olmayıb, indən belə də olmayacaqdır.

Onun Heykəl adlı bir şeiri:

HEYKƏL

Uşaqlıqdan xəyalımda

Azərbaycan qoçağının

Nağıllardan

Axıb gələn

Bir yenilməz heykəli var

Çırmalanmış qollarının

Biz-biz duran tüklərində

Bir millətin qeyrəti var

Bir kişilik heybəti var.

Düğünlənmiş yumruğunda

Ana vətən torpağı var.

Göyə qalxmış sağ əlində

Azərbaycan bayrağı var.

Alatoran səhər erkən

At belində oturarkən

Zaman-zaman söyləyibdir

Aheyyyyy məni eşidənlər

Mən dünyanın hər yerində yaşasam da

Qəhrəman bir Türk oğluyam

Qoca şərqin ürəyində müqəddəs bir torpağım var

Çınqılı zər, daşı mərcan

Azərbaycan-Azərbaycan.

O heykəli yaşatmağa canın qoyub min qəhrəman

O heykəlin anasıdır başı mehli şah Savalan

O heykəldə:

Xətayinin qudrəti var yanılmasam

Babəkimin qeyrəti var yanılmasam

Natəvanın isməti var yanılmasam

Nizaminin, Füzulinin söz gücü var yanılmasam

Koroğlunun, Qoç Nəbinin öz gücü var yanılmasam

Vətən oğlu

Keçdi o çağ, indi bu çağ

Mənəm-mənəm deyən qoçaq

Girov gedən namusundan vicdanından düşün bir an

Laxtalansın gözündə qan

Bu ləkəni kim siləcək tariximin ətəğindən

Qan süzülür anaların gözlərinin bəbəğindən

Mənəm-mənəm deyən qoçaq

Keçdi o çağ, indi bu çağ

Süngüləşdir qələmləri şair qardaş

Geyin hərbi paltarı sən

Azərbaycan iyi dəyən hər kimsədən

Barıt iyi qoxumalı

Hər bir qoçaq öz özünə döyüş marşın oxumalı

Təbrizli də–Zəncanlı da

Ucqarlı da-Muğanlı da

Şəkili də–Şirvanlı da

Ərdəbilli-Qaradağlı

Gəncəlisən–Qarabağlı

And içirik vətən sənə

Qoçaqların şərəfinə

Qoruyarıq torpağını

Ucaldarıq bayrağını

Sən görərsən nər oğlunu,

Sevindirər Koroğlunu..!



Әlaqәli Xәbәrlәr