Türkiyədə Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı anım mərasimləri keçirilir

Türkiyənin İstanbul, Qars, Ədirnə və başqa şəhərlərində Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı anım mərasimləri keçirilir.

Türkiyədə Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı anım mərasimləri keçirilir

 

İstanbulda “Yeni Yüzyıl” Universitetində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş  tədbir keçirilib.

Türkiyə, Makedoniya və Şimali Kıbrıs Türk Cümhuriyyətindən da ictimai-siyasi xadimlərin iştirak etdiyi anım tədbirdə çıxış edən  “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazov qeyd edib ki, Xocalıda yaşananlar yalnız bir millətə qarşı deyil, bütün insanlığa qarşı yönəlmiş cinayətdir.

Tədbirdə çıxış edən Türkiyə Milli Müdafiə nazirinin müavini Şuay Alpay, Şimali Kıbrıs Türk Cümhuriyyəti Parlamentinin vitse-spikeri Zorlu Töre, Makedoniyadan olan millət vəkili Enis İbrahim, Türkiyə Böyük Millət Məclisinin üzvü Suat Önal iştirakçılara Xocalı faciəsinin başvermə səbəbləri haqqında ətraflı məlumat verərək bildiriblər ki, həmin gecə erməni cəlladları və onların havadarlarının törətdikləri qırğınlar 20-ci əsrin ən qanlı soyqırımlarından biri kimi tarixə düşüb. Qeyd olunub ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq, Ermənistan rəhbərliyi işğalçılıq siyasətini hələ də davam etdirir.

Sonda anım tədbiri “Bülbüllər” uşaq qrupunun Xocalı soyqırımına həsr olunmuş ədəbi-bədii kompozisiya ilə davam etdirilib. Erməni təxribatı nəticəsində Füzuli rayonunda qətlə yetirilmiş 2 yaşlı Zəhra Quliyevanın rəsmləri ilə auditoriya önündə çıxış edən “Bülbüllər” qrupunun ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. 

Azərbaycanın Qarsdakı baş konsulluğunun və Türkiyənin Qars vilayətinin Ağyaxa rayonu icra hakimiyyətinin birgə təşkilatçılığı ilə də Anadolu liseyində “Xocalıya Ədalət!” mövzusunda anım mərasimi keçirilib.

Mərasimdə Arpaçay və Ağyaxa rayonlarının icra hakimiyyətlərinin başçısı Abdil Qoç, Ağyaxa bələdiyyəsinin sədri Muhammed Toptaş, Ağyaxa tabor komandanı Cem Yay, Ağyaxa Jandarma komandiri Serkan Erbaş, rayon Təhsil İdarəsinin müdiri Rıfkı Yağcı, Ədalət və İnkişaf Partiyasının Ağyaxa rayonu üzrə sədri Mustafa Bulut və digər rəsmi şəxslər, o cümlədən bölgə ictimaiyyətinin nüfuzlu nümayəndələri, QHT və KİV təmsilçiləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib, Xocalı şəhidlərinin əziz xatirəsi ehtiramla yad olunub.

Sonra Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev Xocalı soyqırımının səbəb və nəticələri ilə bağlı çıxış edib. Xocalı soyqırımının tanınması ilə bağlı görülən işlərdən danışan baş konsul təcavüzkar Ermənistanın işğalçılıq siyasətinin Azərbaycanda doğurduğu acı nəticələrindən danışıb. Qeyd edib ki, terroru dəstəkləmək və ondan bəhrələnmək Ermənistanın dövlət siyasətinin tərkib hissəsidir.

Türkiyənin Ədirnə vilayətində də Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar konfrans keçirilib.

 “Etnik kimliyindən, dinindən və inancından asılı olmayaraq, insanlıq əleyhinə cinayət törədənlərin ədalət qarşısında cavab verməsini istəyənlər Xocalıya ədalət deyənlərin yanında olmalıdırlar”. Bu fikirləri Xocalı faciəsinin 26-cı ildönümü ilə əlaqədar Türkiyənin Ədirnə vilayətində keçirilən konfransda millət vəkili Qənirə Paşayeva səsləndirib. Soyqırımı zamanı valideynlərini itirən uşaqların yaşadığı acılardan danışıb. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı ilə bağlı beynəlxalq təşkilatların ikili standartlar nümayiş etdirdiyini diqqətə çatdırıb.

Qənirə Paşayeva bildirib ki, beynəlxalq hüququn tamamilə zəiflədiyi, beynəlxalq təşkilatların bir neçə böyük ölkənin maraqlarını müdafiə edən təşkilatlara çevrildiyi bir dünyada haqqını qorumağın tək yolu gücdür. Bu güc isə birlikdədir. Ona görə də Azərbaycan və Türkiyə birliyi daha da gücləndirilməlidir. Bu məsələdə gənclərin üzərinə böyük vəzifə düşür. Sosial mediada səylərin artırılmasının vacibliyi vurğulanıb.

Sonra millət vəkili Qənirə Paşayevanın yerli QHT və KİV nümayəndələri, qadın və gənclər təşkilatları ilə, Ədirnə Türk ocaqlarının rəhbərliyi ilə görüş və müzakirələri olub. Ədirnə valisi ilə görüşdə Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı, qondarma erməni soyqırımı iddiaları ilə bağlı fikir mübadiləsi aparılıb. Qədim Ədirnənin mərkəzindəki küçələrdən birinə “Azərbaycan”, parka isə “Qarabağ” adının verilməsi təklifi müsbət qarşılanıb. Sonda millət vəkili Ədirnə valisinə Azərbaycan tarixi, mədəniyyəti və Qarabağ həqiqətləri ilə bağlı materiallar və “Qarabağ hekayələri”, “Turan yolçusu” və “Aşk yolçusu” kitablarını hədiyyə edib.



Әlaqәli Xәbәrlәr